Birgə Monitorinq Mərkəzi də gedəcək | Ədalət Verdiyevin şərhi

   Birgə Monitorinq Mərkəzi də gedəcək    | Ədalət Verdiyevin şərhi
  18 Aprel 2024    Oxunub:1215
Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Vətən Müharibəsində əldə etdiyi möhtəşəm qələbə silsiləsini uğurla davam etdirir. 200 illik Qarabağ problemi tamamilə həll olunub, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilib. Lakin bəziləri Qələbəmizi hələ də həzm edə bilmirlər.
Həmin məxluqlar Vətən Müharibəsi başlayanda “boş söhbətdir, Azərbaycan müharibəni yarımçıq dayandıracaq”, Vətən Müharibəsi qələbə ilə başa çatanda “Ermənistan Kəlbəcər, Laçın və Ağdamı qaytarmayacaq”, “Qarabağda işimiz yarımçıq qaldı, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda rus və ermənilər at oynadır, hakimiyyət Qarabağı erməni işğalından qurtarıb, ruslara təhvil verdi”, “Prezident Xocalı və Xankəndinin adını dilinə gətirmir”, “Rusiya kontingenti Azərbaycandan çıxmayacaq” kimi açıqlamalar verərək, ictimaiyyəti həqiqətə zidd açıqlamaları ilə hakimiyyətə qarşı yönəltməyə, hər fürsətdəcə Qələbənin əhəmiyyətini azaltmağa çalışırdılar.

Hazırda Qarabağ və Zəngəzurda baş verən proseslər göstərir ki, Silahlı Qüvvələrimizinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin yüksək hərbi-siyasi iradəsi nəticəsində Azərbaycan bütün hədəflərinə çatıb. Səslənən bütün neqativ fikirlər isə erməni ordusu kimi darmadağın olub. Azərbaycan və Rusiya prezidentlərinin əldə etdikləri razılaşmaya əsasən, Qarabağda müvəqqətti yerləşdirilən sülhməramlı qüvvələr artıq Azərbaycan ərazilərini tərk edirlər.

Maraqlısı odur ki, daim qələbəmizə kölgə salan və erməni ağzı ilə danışan məxluqlar üzr istəmək və ya söz verdikləri kimi, bəzi orqanlarını kəsmək əvəzinə, düşdükləri biabırçı vəziyyəti ört-basdır etməyə çalışırlar. Düşmən dililə danışanlar çirkin fəaliyyətlərini davam etdirmək üçün yeni, daha absurd bir mövzu tapıblar: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi (TRBMM) niyə Azərbaycanda qalmaqda davam edir?

Bu məsələyə aydınlıq gətirmək üçün ilk növbədə həmin Mərkəzin təyinatına baxmaq lazımdır. Ağdam rayonu ərazisində yerləşən mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın maddələrinin və əldə olunan razılaşmaların icrasına nəzarət etməkdən ibarətdir. Başqa sözlə desək, atəşkəs rejiminə nəzarəti Rusiya sülhməramlı kontingenti, həmin kontingentə nəzarəti isə TRBMM həyata keçirir. Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə nəzarət edən Mərkəzin həmin kontingentdən əvvəl ölkəni tərk etməsi sağlam məntiqə ziddir. Çünki Mərkəz həm də Azərbaycan Respublikasının Prezidenti ilə Rusiya Federasiyasının Prezidenti arasında rus kontingentinin Qarabağdan çıxarılması haqqında əldə olunan razılaşmanın qrafikə uyğun şəkildə yerinə yetirilməsinə nəzarət edir.

Amma bu o demək deyil ki, TRBMM Azərbaycan ərazilərində uzun müddət qalacaq. Rusiya sülhməramlı kontingent sentyabrın sonuna qədər Azərbaycan ərazilərini tərk edəcək. Bəlkə də proses daha erkən başa çatacaq. Yəqin ki, paralel olaraq TRBMM də Azərbaycan ərazilərini tərk edəcək. Qalib xalqımız tam əmin olmalıdır ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ərazimizi tərk etməsinə də sayılı günlər qalır.

Vətəndaş olaraq isə bizim üzərimizə düşən əsas vəzifə Müzəffər Ali Baş Komandanımızın, dövlətimizin, qəhrəman Əsgərimizin yanında olmaq, gələcək qələbələrimiz üçün onlara dəstək verməkdən ibarətdir. Bu dəstək bizi yeni qələbələrə, yeni nailiyyətlərə aparacaq.


Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Sülhməramlılar  





Xəbər lenti